289 Şagirdin Nəticəsi Ləğv Olundu

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında uyğunsuzluqlar aşkar olunub. Təhsil İnstitutunun yaratdığı komissiya əlavə qiymətləndirmə apararaq nəticələri bərpa və ya ləğv edib.

Jul 29, 2025 - 03:55
 0  0
289 Şagirdin Nəticəsi Ləğv Olundu

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunan uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir.

İnfoqraf.com xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib.

Məlumata görə, bu məqsədlə ARTİ-də xüsusi komissiya yaradılıb və komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilib.

Sözügedən komissiya tərəfindən 14–18 iyul tarixlərində valideynlərlə görüşlər təşkil edilib, ümumilikdə 343 şagird əlavə qiymətləndirməyə cəlb olunub. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilib.

Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahan nəticələri bərpa edilib, 289 şagirdin nəticələri isə əsas imtahan nəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub. Bu barədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərində yerləşdiriləcək. Ümumilikdə lisey və gimnaziyalara qəbul imtahanında 26619 şagird iştirak edib.

Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqların araşdırılması komissiya tərəfindən sistemli şəkildə davam etdirilir.

Eminquey Akif Azərbaycanlı yazıçı, şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, 2022-ci "İlin gənci", jurnalist